Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm”

0

  •  

    Vətən
    müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat
    və döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının növbəti qəhrəmanı çavuş Məmmədov
    Zeynal Gülməddin oğludur.

     Çavuş Zeynal Məmmədovu hələ Daxili Qoşunların Gəncə şəhərində
    yerləşən “N” saylı hərbi hissənin patrul taborunda bölük komandirinin tərbiyə
    işləri üzrə müavini vəzifəsində xidmət etdiyim dövrdən tanıyırdım. Bölüyün
    nümunəvi xidməti və intizamı ilə fərqlənən müddətli həqiqi hərbi xidmət hərbi
    qulluqçusu kimi xatirimdə qalmışdı Zeynal. İstər atıcı əsgər, istərsə də manqa
    komandiri kimi xidmət etdiyi dövrdə bacarığı və son dərəcə məsuliyyəti ilə hər
    zaman fərqlənib.

    Tale elə gətirdi ki, onunla bir də nə az, nə çox, düz 9 ildən sonra Daxili
    Qoşunların Hərbi Qospitalında görüşdük. Lakin bu dəfə Vətən müharibəsinin
    qəhrəman döyüşçüsü, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanmış qazi hərbi
    qulluqçumuz kimi qarşıma çıxmışdı Zeynal...      

    Çavuş Z.Məmmədov 1991-cı il martın 23-də Sumqayıt şəhərində anadan
    olsa da, Qazaxıstan Respublikasının Aktau şəhərində böyüyüb boya-başa çatıb. Orta
    təhsilini də məhz Aktaudakı orta məktəblərdən birində alıb. Hələ onuncu sinifdə
    oxuyarkən ali təhsilini Azərbaycanda almaq üçün doğma Vətənə qayıdan Zeynal bu
    arzusuna çatmadıqda, heç olmasa hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrində
    yerinə yetirməyə qərar verir. Beləliklə, müddətli
    həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Gəncə şəhərində
    yerləşən “N” saylı hərbi hissəsində keçir. Uşaq yaşlarından hərbi xidmətə böyük
    marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə
    Qazaxıstana qayıtmaq istəmədiyini bildirən Zeynal qoşunların Quba rayonundakı
    “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi
    hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə
    davam edib. 2020-ci ilin iyul ayından Daxili Qoşunların Lənkəran rayonunda
    yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirən çavuş Z.Məmmədov
    yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi
    vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş
    hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi 3-cü
    dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə
    komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb.İşğal altında olan müqəddəs torpaqlarımızı yağı tapdağından azad
    görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək hər bir xüsusi
    təyinatlı kimi Zeynalın da ən böyük arzusu olub. Məhz buna görə də Vətənə
    hədsiz məhəbbət və düşmənə  sonsuz nifrət
    hissi ilə döyüşlərə qatılan çavuş Z.Məmmədov Füzuli
    və Şuşa istiqamətlərində aparılan hərbi
    əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz
    2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub.
    Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Lakin
    düşməni məhv edərək möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Acı
    məğlubiyyətlə barışmaq istəməyən ermənilərin olduğumuz mövqeləri minaatan və
    digər müxtəlif çaplı silahlardan intensiv atəşə tutmalarına baxmayaraq,
    irəliləməkdə davam edirdik. Buradakı bir yüksəkliyi məhz bizim qrup aldı. Bu
    döyüşdə dəstəmizin hərbi qulluqçularından yarımqrup komandiri kiçik gizir
    Məmmədov Anar Zəhəddin oğlu qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş
    Abbasov Elvin Mədət oğlu isə ağır yaralandı. Onu da qeyd edim ki, oktyabrın
    31-dək qrupumuz, həmçinin, işğaldan azad edilən ərazilərdə axtarış
    əməliyyatlarında da fəal iştirak edib. Bundan sonra növbəti tapşırığımız
    Şuşanın azad olunması oldu. Məhz bu baxımdan gizli yollarla düşmənin
    nəzarətində olan ərazilərdən keçərək, dörd gün Şuşa istiqamətində hərəkət
    etməli olduq”.  

    Daşlı-qayalı bir ərazidə müdafiə olunaraq döyüşdükləri mövqenin
    düşmən tankı tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı qəlpə yarası
    almasına rəğmən, hələ də həyatda sağ qalmasının bir möcüzə olduğunu qeyd edən
    qazimiz sonda qələbə çaldığımız üçün böyük qürur hissi keçirdiyini deyir: “Bizim tapşırığımız Xankəndidən Şuşa istiqamətində
    hərəkət edən düşmən qüvvələrinin qarşısını kəsmək idi. Hələ noyabrın 5-də digər
    qruplarla birgə düşmənin Şuşaya doğru hərəkət edən kolonunu – 1 ədəd PDM, şəxsi
    heyət və ərzaq daşıyan 5 ədəd digər texnikasını pusquya salıb darmadağın etdik.
    Bu zaman sağ qalıb qaçmaq istəyən erməni silahlıları da daxil, təxminən 103
    nəfər canlı qüvvəsi cəsur döyüşçülərimiz tərəfindən məhv edildi. Bundan sonra
    bizim qrup öz tapşırığına uyğun vaxt itirmədən hərəkət edərək Xankəndi-Şuşa
    yolu üzərində özünə mövqe tutmalı idi. Bu məqsədlə qarşımıza gizli bir şəkildə Şuşa
    ətrafındakı çətin keçilə bilən meşəli, sıldırımlı qayaları aşmaq kimi əsl
    xüsusi təyinatlı məsləyinə uyğun bir tapşırıq qoyulmuşdu. Üzərimizdəki
    silah-sursat və bütün ekipirovka ilə düşmənin xəbəri olmadan, çətinliklə olsa
    da, yüksəklikdə özümüzə mövqe tuta bildik.     


    Noyabrın 6-da təxminən saat 11:00-dan etibarən artıq Şuşa ətrafında
    qızğın döyüş gedirdi. Qrupumuz ermənilərin Şuşadakı silahlılara köməyə gələn
    qüvvəsinin qarşısını qətiyyətlə alırdı. Dəstəmizin cəsur döyüşçülərindən baş
    çavuş Kənan Kərimov və çavuş Zamiq Ağayev RPQ-7 qumbaraatanı ilə ermənilərin 2
    ədəd tankını məhv etdilər. Düşmənin canlı qüvvəsini isə biçib tökürdük. Mən
    özüm snayperlə düşmənin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil etdim. Bir
    müddət sonra bizimlə açıq döyüşə girməkdən qorxan düşmən silah-sursatını da
    atıb qaçmağa başladı. Bundan sonra uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan
    atəşə tutmağa davam etdilər. Elə bu zaman düşmən tankının atdığı mərmi
    yaxınlığımızdakı böyük qaya daşına dəydi. Bu vaxt sağımda vuruşan dəstəmizin
    əslən Xaçmaz rayonundan olan cəsur döyüşçüsü MAXE əsgər Seyfullayev Fərid
    Xeyrulla oğlu tank mərmisinin və qaya daşının qarışıq qəlpələrindən aldığı ağır
    yaradan şəhid oldu. Mən isə çoxsaylı qəlpə yarası aldım. Aramızda heç bir metr
    də məsafə olmazdı. Bir anlıq şoka düşmüşdüm. Lakin özümə gələndən sonra baxdım
    ki, əlim və ayağım qan içindədir. Təsəvvür edin, adi günlərdə ayağımdan
    çətinliklə çıxan uzunboğaz çəkməmin bir tayı iplə bağlı vəziyyətdə belə zərbənin
    təsirindən “yoxa çıxmışdı”. Yaralı vəziyyətdə meşə istiqamətində təxminən yüz
    metrə kimi süründüm. Sonra MAXE əsgər Qafqaz Hüseynov və digər döyüşçü
    yoldaşlarım məni güllə və mərmi yağışı altından çıxarıb, yaralılarımızın
    saxlanıldığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra,
    noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə,
    orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə
    Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Nə deyim, aldığım çoxsaylı
    qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm. Şükürlər olsun
    ki, həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam
    sağalmağım üçün ambulator müalicəmi indi də davam etdirirəm.Əsas odur ki, işğal olunmuş müqəddəs yurd yerlərimizi yağı düşmən
    tapdağından azad edib, qələbə çaldıq”.

    Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci
    il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Məmmədov
    Zeynal Gülməddin oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına
    görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsində “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin
    komandiri vəzifəsini icra edən, “Zəfər” ordeni,
    “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan
    Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa
    istiqamətində gedən döyüşlərdə yaralanıb) dəstədə
    atıcı-snayper kimi xidmət edən çavuş Z.Məmmədovu vətənpərvər
    döyüşçü, eyni zamanda hərbçi peşəsinin vurğunu olan nümunəvi hərbi qulluqçu kimi
    xarakterizə etdi: “44 günlük Vətən müharibəsində
    dəstəmizin cəsur hərbi qulluqçuları da fəal iştirak etmiş, döyüş meydanında
    düşməni məğlub edərək, əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Bu döyüşlərdə hərbi hissəmizin xüsusi
    təyinatlılarından 7 nəfəri qəhrəmancasına şəhid olub, 28
    nəfər silahdaşımız isə yaralanıb. Dəstəmizin
    cəsur qazi hərbi qulluqçularından biri də çavuş Zeynal Məmmədovdur. 

    Dəstəmizdə az bir müddətdə xidmət etməsinə baxmayaraq, nümunəvi
    xidməti, çalışqanlığı və yüksək intizamı ilə kollektivin dərin rəğbətini
    qazanmağa müvəffəq olub. Olduqca vətənpərvər, vəzifə borcunu layiqincə yerinə
    yetirən xüsusi təyinatlı kimi fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İgid
    döyüşçümüz Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərməklə, komandirlərin
    ona olan etimadını bir daha doğrultmuş oldu. Zeynalın timsalında bütün qazi hərbi
    qulluqçularımıza tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”. 

    Sonda bizdə
    dəstə komandirinin arzularına qoşularaq, adını Vətənimizin şanlı tarixinə qızıl
    hərflərlə yazan igid qazimizə bundan sonrakı həyatında ancaq uğurlar diləyirik. 

     mayor Anar
    Əhmədov,

    DİN-in Daxili Qoşunlarının

     “Əsgər”
    qəzetinin redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib38 dəfə
    “Çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ inana bilmirəm”

    Maraqlı gələ bilər
    57
    47
    4
    49